İnsanlar hər zaman rahat, etibarlı, dostluq və xoşbəxtliyin olduğu mühit arzu edirlər. Ancaq bunu istədikləri halda belə bir şəraitin yaranması üçün heç bir cəhd göstərmir, hətta özləri bu rahatlığı pozurlar. Hər kəs dincliyi, dostluğu və etibarı qarşı tərəfin təmin etməsini gözləyir. Bu vəziyyət ailə daxili münasibətlərdən bir şirkətin işçilərinə qədər, cəmiyyət rifahından ölkələrarası əlaqələrə qədər hər yerdə eynidir. Halbuki gözəlliklər, dostluqlar, rahatlıq və etibar fədakarlıq tələb edir. Əgər hər kəs öz istədiyinin olmasını istəsə, danışıqlarda və qərarlarda özünün üstün olması üçün cəhd göstərsə, öz rahatlığını düşünüb fədakarlıq etməsə, əlbəttə ki, insanlar arasında, münaqişələr və problemlər baş verər.

Lakin Allahdan qorxan möminlər fərqli davranırlar. Həm fədakar, həm bağışlayıcı, həm də səbirlidirlər. Onlara haqsızlıq edildikdə də, öz haqlarından əl çəkər, cəmiyyətin rahatlığını və təhlükəsizliyini, insanların xoşbəxtliyini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı nümayiş etdirərlər. Bu Allahın möminlərə əmr etdiyi üstün əxlaq nümunəsidir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olar. (Fussilət surəsi / 34-35)
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi / 125)

Allah ayədə bildirdiyi kimi, belə üstün əxlaq nümayiş etdirən möminlərin düşmənlərini “ən yaxın dostu” edər. Bu Allahın sirlərindən biridir. Çünki bütün insanların qəlbi Onun əlindədir. Uca Allah kimi istərsə, onun qəlbini və düşüncəsini dəyişər. Gözəl və mülayim sözün təsiri başqa ayələrdə də xəbər verilmişdir. Allah hz. Musa (əs) və hz. Haruna (əs) Fironun yanına getmələrini və onunla yumşaq danışmalarını əmr edir. Bunun səbəbini də ayələrdə bildirmişdir:

Fironun yanına gedin. Çünki o həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi / 43-44)

Bu ayələr möminlərin inanmayanlara, düşmənlərinə və azğın insanlara qarşı necə rəftar etmələrində yol göstərir. Əlbəttə ki, bu davranışlar üçün səbir, güc, təvazökarlıq və ağla ehtiyac vardır. Allah möminlərin Onun əmirlərinə tabe olaraq gözəl əxlaq nümayış etdirmələrinin əvəzində davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini sirr olaraq bildirmişdir.